“Quest Net” şirkəti Azərbaycanda rəsmən qeydiyyatdan keçib

Bakı. Hafiz Heydərov – APA. “Quest Net” şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyi açılıb. Bu barədə APA-ya şirkətin hüquqi təmsilçisi Natiq Abdullayev məlumat verib. N. Abdullayev şirkətin Azərbaycan nümayəndəliyinin açılması üçün zəruri olan bütün sənədlərin bir müddət əvvəl Vergilər Nazirliyinin qeydiyyat idarəsinə təqdim olunduğunu deyib: ““Quest Net” şirkətinin Azərbaycanda nümayəndəliyi Vergilər Nazirliyində rəsmən qeydiyyatdan keçdi. Bunu təsdiq edən əsasnamə də bu gün artıq nazirlik tərəfindən bizə təqdim olunub”. O, həmçinin yaxın günlərdə şirkətin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunacağını və əhali arasında itirmiş olduqları etimadı tezliklə bərpa edəcəklərini söyləyib: ““Quest Net” şirkətinin rəhbərliyi Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Məqsədimiz bu kompaniyanı burdakı insanlara sevdirməkdən ibarətdir. Kimlərsə buna iş yeri kimi baxır. Lakin bu belə olmamalıdır”. Natiq Abdullayev yaxın günlərdə “Quest Net” şirkətinin internet səhifəsinin Azərbaycan versiyasının açılacağını da qeyd edib.
Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə vətəndaşları aldadıb onların milyonlarla manat pulunu ələ keçirmiş transmilli mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi barədə məlumat yayıb: “Bu dəstə on minlərlə vətəndaşa çəkisi üç qramadək olan qızıl məmulatlarını həqiqi dəyərindən on dəfə baha qiymətə, 800-1500 ABŞ dollarına sataraq külli miqdarda qazanc götürüblər. Prosessual araşdırmalar göstərib ki, “Quest Net” firmasının mərkəzi ofisi Çin Xalq Respublikasının Honq-Konq şəhərində off-şor zonada yerləşir. Firmanın Azərbaycandakı agentliyinin rəhbəri Saatlı rayonunda anadan olmuş, 42 yaşlı Mirvaleh Ağayevin təşkilatçılığı ilə cinayətin qurbanına çevrilmiş 20 mindən çox şəxsdən cəmi 5100 nəfərinə zərgərlik məmulatları verilib, daha 15 minə yaxın sadəlövh vətəndaş hədiyyə alacağı və işə düzələcəyi vədi ilə aldadılıb. Əməliyyat zamanı ilk olaraq firmanın Bakıda 23 satış mərkəzində işləyən 41 nəfər saxlanılsada sonradan onların 37-i azadlığa buraxılıb. Lakin şirkətin Azərbaycan Agentliyinin rəhbəri Mirvaleh Ağayev və onun üç yaxın əlaltısı həbs ediliblər “.
Bir müddət əvvəl isə məlum cinayət hadisəsində zərərçəkənlərin sayının həddən artıq çox olması və əməliyyat zamanı götürülmüş məhsulların hamısının ekspertizadan keçirilmədiyi əsas gətirilərək istintaqın müddəti daha iki ay uzadılıb. Bununla əlaqədar Nərimanov rayon Məhkəməsi şirkətin Azərbaycan agentliyinin keçmiş rəhbəri Mirvaleh Ağayev və agentliyin daha 3 əməkdaşı barəsində bu ilin fevral ayında seçilmiş 3 aylıq həbs müddətinin daha iki ay uzadılması barədə qərar qəbul edib. Hazırda fakt üzrə istintaq tədbirləri davam etdirilir.
Mənbə: APA.az
Bu haqqda daha geniş:
“QuestNet” Azərbaycanda yeni şəbəkə yaradır
“Quest Net” şirkətinin Azərbaycan agentliyinin rəhbərinin və şirkətin daha üç əməkdaşının həbs müddəti uzadılıb
“Quest Net” şirkətinin baş meneceri: “Şirkətin Azərbaycanda fəaliyyət göstərən bəzi nümayəndələri insanları aldadıb”
Elçin Behbudov “Quest net” firmasının həbsdə olan əməkdaşları ilə görüşüb
Azərbaycanda «Quest net» firması adı altında fəaliyyət göstərərək, 20 min nəfərin milyonlarla manatını mənimsəmiş transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib

