Öz-özümlə baş-başa
“Elmlə məşğul olanlara məlumdur ki, ilk inkişaf etmiş elm sahəsi astronomiya, inkişaf yoluna ən son qədəm qoymuş elm isə psixologiyadır. Elə buna görədir ki, insanlar başqa aləmləri öyrənməyə daha meyllidirlər, nəinki özlərini tanısınlar və ya öz mənlərini, mənlik şüurlarını kəşf etsinlər”, – deyə İbrahim Rəfiq çox incə məqamı qeyd edir.
İnsan ruhla bağlı təcrübələrə məruz qalan bioloji bir varlıq deyil; əslində bioloji tərəfləri olan ruh əsaslı bir varlıqdır. Son araşdırmalar insanın yalnız ətdən və sümükdən ibarət bir canlı olmadığını açıq-aşkar sübut etmişdir. Belə ki, bu mürəkkəb varlığın özündə psixoloji, bioloji, sosial, ruhi və əqli cəhətləri birləşdirdiyi artıq danılmaz bir faktdır.
Sabah daha fərqli tərzdə yataqdan qalxmalı və daha fərqli bir şəkildə güzgüdə özümə tamaşa etməliyəm! Və kresloma yastılanaraq indiyə qədər ünsiyyət zamanı çəkdiyim və çəkdirdiyim bütün problemləri fikirləşməliyəm. Ünsiyyət qura bildiklərimlə qura bilmədiklərimi zərgər dəqiqliyi ilə xəyali tərəzimdə ölçməliyəm.
“Sizinlə ünsiyyət qura bilmişikmi?!” – deyə soruşmalıyam hər söhbət etdiyim adamdan. Və yarı yolda qalmış ünsiyyət karvanında özümün nə qədər günahkar olduğumu araşdırmalıyam bir sarban kimi. Araşdırma zamanı bəhanə xəzinəmə müraciət etməyib obyektivliyi qorumalıyam. Özümlə əyri oturub, düz danışmalıyam! Lazım gələrsə, elə düz oturub, düz də danışmalıyam öz-özümlə!
Pozulmuş ünsiyyətlərdə əsas səhvi özümdə gördükcə narahatlığım aradan qalxacaq və həlli mümkün olmayan xroniki problemləri bu sehrli üsulla həll edərək, həyatdan zövq almağa başlayacağam.
Bəzən lazımsız məsələlərə həddindən çox əhəmiyyət verdiyimi görüb, bəlkə də, təəccüblənəcəyəm. İşimə yönəltdiyim diqqət və ciddiyyəti özümə və ətrafımdakılara də tətbiq etdikcə meydana çıxmış sinergetik bir güclə özümü daha da inamlı və etibarlı hiss edəcəyəm.
Əslində həyatın çox gözəl olduğuna inanmalıyam! İnsanların çox qiymətli və şərəfli olduqlarına inanmalıyam. Görmə və eşitmə qabiliyyətim məhdud olduğu üçün lap yanımda olan elə gözəlliklər var ki, onlardan xəbərsizəm. Belə gözəlliklərdən xəbərdar olmaq üçün əvvəlcə… inanmalıyam.
“İnanırsansa, deməli üstünsən!” sözlərinə uyğun olaraq, inanmalıyam və artıq bu gündən özümlə ünsiyyətə girərək, özüm özümə – özüm öz üzümə gülümsəməliyəm. Hətta indiyə kimi dağıtdığım südləri, nəfsimdəki bütləri, qırdığım şüşələri acı qəhqəhələrə boğmalıyam. Qırdığım ürəklər üçün isə yalnız peşimanlıq duyğusu ilə göz yaşı tökməliyəm; ümid edirəm ki, hamının mütləq qalib və ya məğlub olduğu bir gün qələbə qazananların düşərgəsində qərarlaşa biləcəyəm.
Sizdən bir sual soruşmaq istəyirəm: “Sizinlə ünsiyyət qurmuşuq, yoxsa ünsiyyəti qırmışıq?” Bu suala verdiyiniz cavabları düzgün qiymətləndirmək üçün əvvəlcə gərək öz-özümə bir sualı səmimi cavablandırım: “Öz-özümlə ünsiyyət qura bilirəmmi?”
Səlim Özdəmir


Yeri var….onsuzda yaranan butun problemlerin bawinda ozumuz dururuq.duzduki,eger etrafimizi deyiwmek isteyirikse birinci ozumuz deyiwmeliyik..onda herwey oz yoluna duwecek ve nece ugur qazanacagimizin shahidi minlerle insandan qabag ozumuz olacagiq.bu movzuda diqqetle duwunmeye ve duzgun qerar vermeye caliwag.hamimiza ugurlar!
Leave your response!